Dövlət qurumları ilə əməkdaşlıq İctimai Şuranın fəaliyyətinin effektivliyini artırır - AÇIQLAMA
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın 2025-ci ildəki əsas fəaliyyət istiqamətləri sosial müdafiə və əmək münasibətlərinin inkişafı ilə bağlı ölkəmizdə aparılan məqsədyönlü siyasətin ictimaiyyət arasında yayılmasında müvafiq rol oynamaqdan ibarət idi. Eyni zamanda biz maksimum çalışırdıq ki, ictimaiyyət arasında qaldırılan məsələləri, ictimaiyyət nümayəndələri tərəfindən verilən sualları və təklifləri aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, nazirliyin tabeliyində fəaliyyət göstərən qurumlara, həmçinin nazirliyin yanında fəaliyyət göstərən Dövlət Əmək Müfəttişliyi Xidmətinə istiqamətləndirək və müvafiq cavabların əldə olunmasına nail olaq".
Bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədov QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, bu istiqamətlərdə düşünürəm ki, müsbət nəticələr əldə olunmuşdur. Bizə daxil olan müraciətlərə nəzər yetirsək, görərik ki, maksimum üç gün ərzində müraciətləri aidiyyəti üzrə istiqamətləndirərək cavablandırmağa çalışmışıq və zənnimcə, bu hədəflərə nail olmuşuq:
"Yüzlərlə müsahibə, əsas tezislər üzrə çıxışlar və ictimai platformalardakı çıxışlar vasitəsilə İctimai Şura üzvləri sosial müdafiə və əmək münasibətlərinin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərin ictimaiyyətə çatdırılması istiqamətində səylər göstərmişdir. Düşünürəm ki, 2025-ci ildə də Şuranın kifayət qədər aktiv fəaliyyəti müşahidə olunmuşdur".
Elşad Məmmədov həmçinin bilidirib ki, Dövlət qurumları ilə əməkdaşlığımızın dayanıqlı və pozitiv platforma üzərində formalaşdığını qeyd edə bilərəm. Bu da İctimai Şuranın fəaliyyətinin effektivliyinə, təbii ki, müsbət təsir göstərmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə effektiv kommunikasiya platformamız mövcuddur və bu platforma üzərindən kifayət qədər dayanıqlı əməkdaşlıq sistemi həyata keçirilir:
"2025-ci ildə vətəndaşlarla və media ilə kommunikasiya sahəsində də, bir qədər əvvəl qeyd etdiyim kimi, ciddi addımlar atılmışdır. Yüzlərlə müsahibə, media platformalarında çıxışlar vasitəsilə ictimaiyyətin sosial müdafiə tədbirləri və əmək bazarının inkişafı ilə bağlı yanaşmalar barədə məlumatlandırılması istiqamətində fəaliyyət göstərilmişdir. Hesab edirəm ki, İctimai Şuramız ictimai iştirakçılıq və ictimai fəaliyyət baxımından 2025-ci ildə də öz aktivliyini nümayiş etdirmişdir. Fəaliyyətimizlə bağlı çətinliklərə və boşluqlara gəldikdə isə, fikrimcə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin funksionallığının təhlili göstərir ki, bu fəaliyyət sahəsi olduqca genişdir. Əhalinin çox geniş bir qismi nazirliklə işləyir, nazirliklə təmasda olur və nazirliyin aidiyyəti qurumları ilə aktiv şəkildə ünsiyyətdə olur. Bu isə İctimai Şuranın fəaliyyət dairəsinin geniş olmasını şərtləndirir".
Onun sözlərinə görə, yəni olduqca geniş bir diapazon və əhatə dairəsi mövcuddur. Bu çərçivədə İctimai Şuranın fəaliyyəti də geniş və əməktutumlu olur. Təbii ki, böyük iş həcmi müəyyən çağırışlar yaradır və bu da Şuraya daxil olan müraciətlərin sayının artmasına səbəb olur. Belə bir iş həcminin öhdəsindən gəlmək bəzən çətin olsa da, düşünürəm ki, İctimai Şuranın fəaliyyətində ciddi boşluqlar və ya problemlər mövcud deyil. Çünki iş həcmi çox olsa da, üzvlərin kompetensiyası və peşəkarlığı formalaşan çağırışlara adekvat cavabların verilməsinə şərait yaradır:
"2026-cı ilin prioritetlərinə gəldikdə isə, hesab edirəm ki, indiyə qədər ardıcıl şəkildə həyata keçirdiyimiz yanaşmaları davam etdirməliyik. Ölkədə həyata keçirilən sosial müdafiə tədbirlərinin və əmək bazarının inkişafı ilə bağlı yanaşmaların ictimaiyyət arasında geniş şəkildə yayılmasında aktiv iştirak etməliyik. Eyni zamanda ictimaiyyət nümayəndələrinin qaldırdığı məsələlərə də operativ reaksiya verərək, aidiyyəti dövlət qurumları ilə əməkdaşlığımızı bundan sonra da effektiv platformalar üzərindən davam etdirməli və qaldırılan məsələlərin tələb olunan formatda və məzmunda cavablandırılmasına nail olmalıyıq".
Pərvanə Fərhadqızı