Qanunvericilik hələ də boşluqdadır, yoxsa ictimai şuraları görməzlikdən gələn icra orqanları lazımı dəstəyi vermir?– EKSPERT RƏYLƏRİ

“İctimai iştirakçılıq haqqında” qanun 2014-cü ildən qüvvəyə minsə də, yalnız son illərdə cəmiyyət qanunun bəhrəsini görməyə başlayır. Qanunvericilikdə nəzərdə tutulan fəaliyyətlər hələ də mahiyyət etibarı ilə özünü doğrulda bilməsə də, ilbəil yaradılan ictimai şuraların sayı artır.

 

Maraqlıdır, vətəndaş cəmiyyəti ictimai şuraların işindən razıdırmı?

Qanunvericilik hələ də boşluqdadır, yoxsa ictimai şuraları görməzlikdən gələn icra orqanları lazımı dəstəyi vermir?

 

Hüquq və İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Hafiz Həsənov vətəndaş cəmiyyəti təmsilçisi kimi ictimai şuraların vəziyyətindən razı deyil: “Bu günə qədər mövcud olan, yaxud qurulmağa çalışılan ictimai şuralar istənilən fəaliyyəti nümayiş etdirməyib. Mənzərəni  qənaətbəxş hesab etmirəm. DİN, Dövlət Miqrasiya Xidməti və daha bir neçə şuranın  səmərəli fəaliyyətini nəzərə almasaq, digərləri sadəcə mövcud olublar.  

 

İctimai iştirakçılığın əsası  ictimai nəzarət funksiyasıdır. Əslində,  mövcud ictimai şuralar yanında olduğu qurumda təkliflərlə çıxış etməli, qəbul edilən qərarlarla bağlı fikir söyləməli, müzakirələrdə iştirak etməli, təşəbbüskarlıq irəli sürməli, sonda isə fəaliyyətləri ilə bağlı ictimaiyyətə hesabat verməli idilər. Təəssüf ki, sadalanan işləri görmürük. Bir sıra halda şura üzvləri təmsilçiliyi ona görə istəyirlər ki, özlərinin şəxsi mənafeyi və maraqları var, hətta onun təmin olunmasına çalışırlar, əlbəttə ki, bu tək məni yox,  ictimaiyyəti qane edə bilməz.”

 

Ekspertin sözlərinə görə, daha effektiv fəaliyyət üçün görüləsi işlər çoxdur. “İctimai iştirakçılıq  haqqında” qanunda nəzərdə tutulan məqsədlərə uyğun fəaliyyət səmərəli olmalıdır. Şuranın davamlı yığıncaqları keçirilməli, yazılı təşəbbüs və təkliflər yanında olduqları icra qurumuna təqdim edilməlidir. Həmçinin qurumların bu təklifləri nəzərə alması diqqətdə saxlanılmalı, əgər reaksiya yoxdursa, bunun səbəbi aşkar edilməlidir.  Normativ hüquqi aktlara görə,  yalnız şuralar mövcudur, halbuki ictimai iştirakçılığın digər formaları olan ictimai dinləmələr, yazılı müzakirələr nəzərə çarpmır.

 

Düşünürəm ki, qanunvericilikdə təkminləşmə aparılmalıdır, qanunda ictimai şuranın məsuliyyəti və dövlət qurumunun özünün də ona münasibətinin  artırılması ciddi əksini tapmalıdır. İctimai şuralara seçki ilə bağlı məqama yenidən baxılmalıdır. Monopoliyanın qarşısını almaq üçün  təmsilçiliklə bağlı kriteriyalar və hədlər müəyyən olunmalıdır. Seçkilərin şəffaflığı naminə,  ictimai şura mərkəzi icra orqanının diqqəti və nəzarəti altında aparılmadan, müdaxiləsi və iradəsi olmadan seçilməlidir.

Bundan başqa, ictimai şuranın statusu artırılmalıdır, o məsləhətçi kimi yox, müvafiq qurumun fəaliyyətinə, verdiyi qərarlara belə təsiretmə gücü olmalıdır, formallıq aradan qalxmalıdır. Həmçinin MM və Nazirlər Kabineti yanında da şuralara ehtiyac var, amma bu əlbəttə ki, qanundakı əlavələrdən sonra mümkün ola bilər. Bir sözlə, cənab prezidentin vurğuladığı kimi, nəzarətdə vətəndaş iştirakçılığı güclənməlidir ki, həm cəmiyyət, həm dövlət, həm də dövlət qurumları uğur qazansın.”

 

Elm və Təhsil Nazırliyi yanında ictimai şuranın eks sədri Günel Səfərovanın fikrincə, ictimai şuraların fəaliyyətini tənzimləyən qanun olsa da, reallıq onu göstərir ki, resurslar, səlahiyyətlər  təmsil olunduqları qurumlarda kifayət qədər aydın deyil. “Şuraya seçkilər ciddi nəzarətə alınmalıdır, çünki bəzən şuraya qanun çərçivəsində olmayan, heç ictimaiyyət tərəfindən təqdir olunmayan, gərəksiz şəxslər seçilir.

 

Təmsil olunan qurumların gələcək siyasətinin formalaşmasında ictimai şuranın rolu və sözü olmalıdır. Bir müddət əvvəl ictimai şuranın sədri olmuş biri kimi təcrübəmdən deyə bilərəm ki, bizə nazirlikdə kifayət qədər imkanlar və fürsətlər yaradılmışdı, amma bir çox şurada təəssüf ki, bu yanaşmanı görməmişəm.

Əslində, müvafiq qanun əhatəli və standartlara uyğundur. İctimai şura istəsə, nəzarət funksiyasını daha da çevik edə bilər.  

Dəyişikliklərə gəlincə, resurslar artırılmalıdır. Öz təcrübəmizdən bu boşluğu aydın görmüşəm. Elm və Təhsil Nazirliyinin ölkə üzrə 4500 məktəb, regional təhsil idarələri, ali təhsil müəssisələri var. Bunlara bir ictimai şura heç fiziki cəhətdən nəzarət edə bilməz. Düşünürəm ki, bunun bir forması, mexanizmi olmalıdır. Bir də, şuranın yanında olduğu qurumların özünün şuraya münasibəti monitorinq edilməlidir. Bir nəfərin bir neçə şurada təmsil olunması, limit məsələsinə yenidən baxılmalıdır. Ən yaxşı qanun olsa belə, onun  işləmə mexanizmi vacibdir. Təkliflər çoxdur, amma mükəmməl qanunun olması hələ fəaliyyət üçün yetərli deyil,  mexanizm də diqqətdə saxlanılmalıdır.”  

 

Demokratiyanı öyrənmə İB-in sədri Mirəli Hüseynov hesab edir ki, ictimai şuralarla bağlı mövcud vəziyyətin səbəbi çoxdur. “Bu sahədə praktikanın az olması, cəmiyyətdə bu barədə məlumatın azlığı, seçkiyə qatılanların özlərinin işin mahiyyətini tam dərk etməməsi lazımı nəticəyə varmağa əngəl olur. Həm şuranın səlahiyyətləri ilə bağlı boşluqlar var, həm də səlahiyyətləri aşan məqsədlər görürük.

Fəaliyyətdə olanlar da qənaətbəxş, qarşıda qoyulan məqsədlərlə bağlı çox cüzi nəticələr ortaya qoyublar. İctimai şuralar müvafiq icra və mərkəzi orqanlarda nəzarət funksiyalarını yerinə yetiriblərmi, nə qədər səmərəli nəzarət  olub, müvafiq  iştirakçılıq üsullarından istifadə ediblərmi? Təəssüf ki, kifayət qədər iş yoxdur. Halbuki, onlar vətəndaş cəmiyyəti, ictimaiyyətin fikirlərini öyrənməli, iştirakçılığı, ictimai dinləmələri təmin etməli, mütəmadi hesabatlar verməli idilər. Nisbətən fəal şuralar arasında  Elm və Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, DİN, Dövlət Miqrasiya Xidməti yanındakı şuraları göstərmək olar.

 

Problem ondadır ki, icra və mərkəzi orqanlar seçkilərə hələ də müdaxilə edir, seçkiləri bəzən onlar təşkil edirlər. Maraqlıdır ki, özləri seçdikləri ictimai şuralarla sonradan əməkdaşlıqda maraqlı olmurlar, onların fəaliyyətini nəzərə almırlar.”

 

Ekspertin fikrincə, qanunda ciddi boşluq yoxdur. “ Buna baxmayaraq, şuralara seçki açıq olmalıdır, seçki məhdudiyyət yaradır. Prosedurlar mürəkkəbdir,  konsepsiyaya uyğun deyil, istənilən şəxsin seçkidə iştirakı mümkün edilməlidir. Seçkilər iki ildən bir yox, üç-dörd ildən bir keçirilməlidir. Qanundan səmərəli istifadə edilməlidir. Qanun nə qədər dəyişsə də, istənilən fəaliyyət üçün qarşılıqlı münasibət, istək, maraq, məsuliyyət olmalıdır.”

 

“Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənovun sözlərinə görə, məsələyə kompleks yanaşmaq lazımdır. “İctimai şuralar ictimai iştirakçılığın yalnız bir formasıdır, ictimai nəzarətin həyata keçirilməsində şuralar bilavəsitə olan təsisatdır. O tək cəmiyyət müstəvisində dövlət qurumu ilə əlaqələndirici kimi yox,  həmçinin qurum üzərində nəzarət funksiyasına əsaslanaraq vətəndaşa qurumun siyasəti barədə hesabatlar verməlidir.

 

Şuralar dövlət qurumu ilə vətəndaşlar arasında ictimai rəyin formalaşmasında da rol oynayır, cəmiyyətdəki hər hansı narahatlıq barədə quruma məlumat verə bilər və vəziyyəti korreksiya etmək imkanları var. Fəal şuralarımız var, amma istəyimiz hamısının səmərəli iş nümayiş etdirməsinə nail olmaqdır. Dövlət Miqrasiya Xidmətinin eks ictimai şura sədri kimi deyə bilərəm ki, bizim komandanın çevik fəaliyyət strategiyası vardı, hədəf qruplarla işə, quruma töhfəmizi vermişdik, zəruri işlər gördüyümüzü düşünürəm, hazırkı şura təmsilçiləri də bu praktikanı uğurla davam etdirirlər.

 

Məncə, ictimai şuranın uğurlu modelləri artıq var, fəaliyyət üçün bu institutun daha da formalaşmasında təmsilçilərin fədakarlığı olmalıdır. Şura o zaman uğur əldə edir ki, əvvəldən iş doğru aparılır və heyətlə işləmək üçün əməkdaşlıq səmərəli qurulur. Bu meyarlar olmayanda, istənilən nəticə də olmur. Təsisatda təmsil olunanların fərdi yanaşması rol oynayır, onların maraq və məqsədləri şəxsi yox ictimai, təmənnasız olmalıdır.”

Ekspertin sözlərinə görə, müvafiq qanunun yaranmasından xeyli zaman keçib, bu səbəbdən yanaşmalar, baxışlar, praktikadan əldə olunan təəssüratlar dəyişib, bu normal haldır.

 

“Ölkənin yeni inkişaf mərhələsinə daxil olması, vəziyyətlərin dəyişməsi qanunvericiliyə də təsirini göstərir. Fikrimcə, bütün hallarda ictimai iştirakçılıqda təmsil olunanların  həmin sahə barədə məlumatlılığı vacibdir. Bu məqam qanunda əksini tapsa da, hələ də tətbiq olunmur. Bəzən seçilən şəxsin təmsil etdiyi ictimai şuraya aidiyyəti yoxdur, bu da şuranın imkanlarından sui istifadə hallarına gətirib çıxarır.

 

Bəzən deyilir ki, seçkilər iki il yox, üç və ya daha çox zaman fasiləsi ilə təşkil olunmalıdır. Əgər seçilən şəxslərin həmin sahəyə  aidiyyəti yoxdursa, ona nəinki iki il, heç üç, dörd il də bəs etməz ki, ortaya iş qoysun. Verilən vaxtdan səmərəli istifadə üçün uyğun şəxslərə üstünlüyün verilməsi çox vacibdir. Dövlət qurumu özü də seçilən insanların ixtisaslaşmasına diqqət yetirməlidir. Digər məqam, ictimai müzakirələrə mütəxəssislərin cəlb olunması məsələsidir ki, burada da əsas məqsəd ümumi fəaliyyətin effektivliyinə nail olmaqdır. Bu da diqqətdə saxlanılmalıdır.”

Raminə Eyvazqızı 

 

 

 

 

Fotolar

Paylaş

Aktiv sorğu yoxdur.