Elm və Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər elan edilib

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər elan edilib. 


İctimai Şuraya üzvlüyə namizədlərin və seçkidə iştirak edəcək seçicilərin qeydiyyatı üçün sənədlərin qəbulu 2023-cü ilin 30 dekabr tarixindən [email protected] poçt ünvanına göndərilməklə aparılacaq. Sənədlərin qəbul müddəti 31 yanvar 2024-cü il tarixində başa çatacaq.


Ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz. 


Qeyd edək ki, İctimai Şuraya seçkilərin təşkili məqsədilə komissiyanın yaradılması barədə əmr imzalanıb. Elm və təhsil nazirinin imzaladığı əmrə əsasən, bu sahədə dövlət siyasətinin formalaşdırılması və hüquqi aktların hazırlanmasına dair təkliflərin verilməsi, ictimai müzakirələrin təşkili, ictimai və yerli əhəmiyyət daşıyan məsələlərin həll olunması, nazirliyin fəaliyyətində ictimai iştirakçılığın təmin edilməsi məqsədilə yeni şura yaradılacaq. Seçki komissiyası tərəfindən İctimai Şuraya seçkilərin təşkili, o cümlədən üzvlərin say həddinin müəyyən edilməsi barədə tədbirlər həyata keçiriləcək.

 

 

 

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuraya üzvlərin və seçicilərin qeydiyyatı barədə

Elan

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuraya üzvlüyə namizədlərə, seçicilərə dair tələblər və qeydiyyat qaydası:

 

1. Namizədlərə dair tələblər:

  • İctimai Şurada üzvlüyə yüksək mənəvi, əxlaqi keyfiyyətlərə, elm və təhsil sahəsi üzrə təcrübə və biliyə malik Azərbaycan Respublikasının 16 yaşına çatmış hər bir fəaliyyət qabiliyyətli vətəndaşının namizədliyi irəli sürülə bilər;
  • Hər  bir  vətəndaş  cəmiyyəti  institutu  İctimai  Şuranın  üzvlüyünə  yalnız  bir namizəd irəli sürə bilər;
  • İctimai Şurada üzvlüyə Elm və Təhsil Nazirliyi əməkdaşlarının namizədlikləri irəli sürülə bilməz.

Namizədlərin qeydiyyatı:

Namizədin qeydiyyatı məsələsinə baxılması üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

  1. İctimai Şurada üzvlüyə namizədin irəli sürülməsi barədə müraciət (telefon və elektron poçt ünvanı göstərilməklə);
  1. namizədin şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surəti;
  1. namizədin tərcümeyi-halı;
  1. namizəd  hər  hansı  bir  vətəndaş  cəmiyyəti  institutunun  üzvü  olduğu  halda, həmin üzvlüyü təsdiq edən sənədin surəti;
  1. namizədin elm və təhsil sahəsi üzrə təcrübə və ya biliyə malik olmasını sübut edən sənədin (əmək kitabçası və digər təsdiqedici sənədlər) notariat qaydasında təsdiq olunmuş surəti.

Müraciətə namizəd barədə geniş məlumat verən digər sənədlər də əlavə edilə bilər.

 

2. Seçicilərə dair tələblər:

  • İctimai Şuraya seçkidə seçici qismində yalnız vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak edə bilərlər;
  • İctimai Şuraya seçkidə seçici qismində iştirak etməsi üçün hər bir vətəndaş cəmiyyəti institutu yalnız bir təmsilçisinin namizədliyini irəli sürə bilər;
  • Seçki komissiyasının üzvləri İctimai Şuraya seçkidə seçici qismində çıxış edə bilməzlər.

Seçicilərin qeydiyyatı

Seçicinin qeydiyyatı məsələsinə baxılması üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

  1. seçicinin (vətəndaş cəmiyyəti institutunun təmsilçisi) qeydiyyata alınması üçün müraciət;
  1. seçicinin şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surəti;
  1. vətəndaş cəmiyyəti institutunun dövlət qeydiyyatını təsdiq edən sənədin notariat qaydasında təsdiq edilmiş surəti;
  1. vətəndaş cəmiyyəti institutunun nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti.

 

3. Sənədlərin qəbulu və baxılması

Namizəd və seçicilərin qeydiyyatı məsələsinə elm və təhsil nazirinin əmri ilə yaradılmış seçki komissiyası tərəfindən baxılır.

Qeydiyyat üçün sənədlər elektron qaydada təqdim edilir. Sənədlər mövzu hissəsində “Namizəd” və ya “Seçici” yazılmaqla [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Qeydiyyat üçün sənədlər 2023-cü ilin 30 dekabr tarixindən qəbul edilir.

Sənədlərin qəbulu müddəti 2024-cü il 31 yanvar tarixində başa çatacaq.


Paylaş

Aktiv sorğu yoxdur.