"Əgər pandemik vəziyyətə çatsa, o zaman distant təhsilə keçmək olar" - Şura sədri

Ölkədə məktəblilər və azyaşlılar arasında qızılcaya yoluxma sayı kəskin artıb. Qızılca səbəbindən çoxlu uşaq xəstəxanalara yerləşdirilib, 2 məktəbli və 1 azyaşlı vəfat edib.

Sosial şəbəkələrdə insanlar tədrisin müvafiq olaraq dayandırılmalı olduğunu bildirirlər. Ötən gün çıxış edən elm və təhsil naziri Emin Əmrullayev isə bildirdi ki, təhlükəli yerlər olarsa, hansısa məktəbi 1-2 həftəlik distant təhsilə keçirə, qapanmalara gedə bilərik.

Bu gün isə paytaxtdakı 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində qızılcaya görə distant tədris tətbiq olunub.

Bəs, valideynlər uşaqlarının tədris aldığı məktəbin bağlanması, tədrisin dayandırılmasıyla bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuraya müraciət ediblərmi?

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova dedi ki, məktəblərin bağlanması ilə bağlı şuraya valideynlərdən heç bir müraciət daxil olmayıb:

"Amma sosial şəbəkələrdən bir neçə statuslara "tag" olunmuşuq. Təəssüflər olsun ki, iki şagird həyatını itirdi. Peyvəndləşmə aparılır, qızılca da məcburi peyvəndləşmənin bir hissəsidir. Peyvəndin əhəmiyyətini nəzərə almayanda çox təəssüflər olsun ki, bu kimi acı nəticələri görürük. Bununla bağlı uzun müddət antipeyvənd siyasəti aparılırdı. Təhsillə bağlı məsələ belədir ki, pandemiya dövründə distant təhsilə keçdik, ona öyrəşənə qədər də müəyyən bir period keçdi və uşaqlar təhsildən kənar qaldı. Hələ biz COVID-19-un təhsilə vurduğu ziyanı araşdırmamışıq, belə bir araşdırmamız yoxdur. Mənə elə gəlir ki, bu kifayət qədər əsaslı olacaqdır. Çünki müəyyən bir siniflərdə həmin materiallar uşaqlar tərəfindən qavranılmadı. Məktəblərin bağlanılması əslində bu məsələdə asan gözlənilən bir prosesdir. Sadəcə bu bizə nə verəcək, nə kimi problemlər yaradacaq? Bu da maraqlıdır. Qızılcayla mübarizə aparmağın başqa yolunu fikirləşmək lazımdır. Amma sözsüz ki, əgər pandemik bir vəziyyətə çatsa, o zaman distant təhsilə keçmək olar. Həm valideyn, həm də İctimai Şuranın sədri kimi müraciət edirəm ki, valideynlər uşaqlara peyvəndləri vaxtında etdirsinlər".

Humay İSGƏNDƏRLİ

 


Paylaş

Aktiv sorğu yoxdur.