İctimai Şuranın üzvlərinin iştirakı ilə korrupsiyaya qarşı mübarizəyə dair təlim keçirilib - FOTO
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin struktur bölmələrinin əməkdaşları üçün “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa dair maarifləndirici təlim keçirilib.
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev bildirib ki, Azərbaycanda korrupsiyaya qarşı sistemli və kompleks tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin 2022-ci il 4 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda korrupsiyaya qarşı mübarizəni bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli şəkildə həyata keçirilməsi nəzərdə tutulur.
Təlim iştirakçılarına korrupsiya anlayışı, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, növləri və buna görə məsuliyyət, korrupsiyaya qarşı mübarizədə beynəlxalq təcrübə, mübarizə metodları və vasitələri, korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətə baxılması və digər məsələlər barədə ətraflı məlumat verilib.
Təlim “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”na əsasən korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsinə uyğun olaraq təşkil edilib. Təlimdə Dövlət Komitəsi yanında İctimai Şura üzvləri, vətəndaş cəmiyyəti nümayəndələri və komitənin strukturunda çalışan əməkdaşlar olmaqla, 30-dan çox şəxs iştirak edib.
İnteraktiv formada keçirilən təlimdə iştirakçıların çoxsaylı sualları cavablandırılıb, vətəndaş cəmiyyəti nümayəndələri ilə dövlət qulluqçuları arasında fikir mübadiləsi aparılıb.