Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilir - FOTOLAR
Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilir
Noyabrın 27-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya növbəti seçkilər keçirilir.
Gömrük işi sahəsində ictimai nəzarətin gücləndirilməsi, ictimai iştirakçılığın genişləndirilməsi və ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi yanında fəaliyyət göstərən İctimai Şuranın yeni tərkibinin seçilməsi istiqamətində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilib.
İctimai Şuraya seçkilərin təşkili məqsədilə gömrük orqanının vəzifəli şəxslərindən 4 və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrindən 5 üzv olmaqla Seçki Komissiyası yaradılıb. Seçki Komissiyasının qərarına əsasən Dövlət Gömrük Komitəsi yanında İctimai şura üzvlərinin sayı 9 nəfər müəyyən edilib.
Ümumilikdə namizədlərin qeydiyyat müddəti ərzində 40 müraciətdən 19-u təsdiq edilib. Namizədlərin müraciətlərinin qeydə alınması onların gömrük sahəsi üzrə bilik və təcrübələrinə əsasən müəyyən olunub.
Vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda (səsvermə) iştirak etmək üçün qəbul olunan müraciətlərdən 153-ü təsdiq edilib.
Qeyd edək ki, əvvəlki İctimai Şura 2021-2023-cü illər ərzində səlahiyyətli olub. Yeni tərkibdə İctimai Şura isə 2023-2025-ci illər ərzində fəaliyyət göstərəcək.
Seçki prosesinin şəffaf qaydada keçirilməsi üçün bütün zəruri addımlar atılıb və hazırda səsvermə davam edir.
Proses saat 16:00-da yekunlaşacaq.