Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilər keçiriləcək - ELAN

"İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 22 noyabr 2013-cü il tarixli 816-IVQ nömrəli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, müvafiq fəaliyyət sahələrində ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın formalaşdırılması üçün sənədlərin qəbuluna start verilir.

 

İctimai Şuranın yaradılması Mədəniyyət Nazirliyinin fəaliyyətində şəffaflığın daha da artırılması, müvafiq sahədə ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsini təmin etmək məqsədi  daşıyır.

İctimai Şura mədəniyyət sahəsində müxtəlif məsələlərlə bağlı müzakirələr təşkil etmək, müvafiq sahədə dövlət siyasətinin həyata keçirilməsi  ilə bağlı Mədəniyyət Nazirliyinə təkliflər vermək və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik olan məşvərətçi qurum olaraq fəaliyyət göstərəcək.

 

İctimai Şura ictimai əsaslarla (ödənişsiz) fəaliyyət göstərəcək. Mədəniyyət sahəsində ixtisaslaşan hər bir Azərbaycan  vətəndaşı İctimai Şuraya üzv seçilə bilər.

 

İctimai Şuraya seçkilərin təşkili məqsədilə Mədəniyyət Nazirliyinin dörd və mədəniyyət sahəsində ixtisaslaşmış vətəndaş cəmiyyəti institutlarının beş nümayəndəsindən ibarət Seçki komissiyası yaradılıb. Seçki komissiyası tərəfindən İctimai Şura üzvlərinin sayı, namizədlərin, seçicilərin qeydiyyatı və digər təşkilati məsələlər barədə qərar qəbul edilib.

 

İctimai Şuraya namizədlərin qeydiyyatı 25 iyun 2023-cü il, seçicilərin qeydiyyatı 6 iyul 2023-cü il tarixinədək davam edəcək. İctimai Şuraya üzvlüyə namizəd şəxslərə və seçicilərə dair tələblərlə nazirliyin rəsmi internet saytının "Elanlar" bölməsində aşağıda yerləşdirilmiş linklər vasitəsilə tanış olmaq olar:

Namizədlərə dair tələblər

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında İctimai Şurada üzvlüyə namizədlərə dair tələblər və onların qeydiyyatı qaydası

1. Namizədlər

Namizədlərə dair tələblər

- İctimai Şurada üzvlüyə yüksək mənəvi və əxlaqi keyfiyyətlərə, mədəniyyət sahəsi üzrə təcrübəyə və ya biliyə malik Azərbaycan Respublikasının 16 yaşına çatmış hər bir fəaliyyət qabiliyyətli vətəndaşının namizədliyi irəli sürülə bilər;

- hər bir vətəndaş cəmiyyəti institutu İctimai Şurada üzvlüyə yalnız bir namizəd irəli sürə bilər;

- İctimai Şurada üzvlüyə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi işçilərinin namizədlikləri irəli sürülə bilməz.

 

Namizədlərin qeydiyyatı

Namizədin qeydiyyatı məsələsinə baxılması üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

1. İctimai Şurada üzvlüyə namizədin irəli sürülməsi barədə müraciət (telefon və elektron poçt ünvanı göstərilməklə);

2. namizədin şəxsiyyət vəsiqəsinin surəti;

3. namizədin tərcümeyi-halı;

4. namizəd vətəndaş cəmiyyəti institutunun üzvü olduqda, həmin üzvlüyü təsdiq edən sənədin surəti;

5. namizədin mədəniyyət sahəsi üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənədin (əmək kitabçası və digər təsdiqedici sənədlərin) surəti.

Müraciətə namizəd barədə geniş məlumat verən digər sənədlər də əlavə edilə bilər.

 

2. Sənədlərin qəbulu və baxılması

Namizədlərin və seçicilərin qeydiyyatı məsələsinə Seçki Komissiyası tərəfindən baxılır.

Qeydiyyat üçün elektron formada sənədlər [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Seçkilərlə bağlı əlavə məlumat almaq üçün Nazirliyin qaynar xətti ilə əlaqə saxlamaq olar. (Tel: 147)

Qeydiyyat üçün sənədlərin qəbulu müddəti 25 iyun 2023-cü il saat 18:00-da başa çatacaq.

Nəzərinizə çatdırırıq ki, Mədəniyyət Nazirliyi yanında İctimai Şura üzvlərinin sayı 9 nəfər müəyyən edilib.

Qeydiyyat barədə müraciət nümunəsini aşağıdakı linkdən əldə edə bilərsiniz:

müraciət nümunəsi

 

Seçicilərə dair tələblər

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya üzvlərin seçilməsi prosesində seçici qismində iştirak etmək istəyən vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinə dair tələblər və onların qeydiyyatı qaydası

 

1. Seçicilər

Seçicilərə dair tələblər

- İctimai Şuraya seçkidə seçici qismində yalnız vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak edə bilərlər;

- İctimai Şuraya seçkidə seçici qismində iştirak etməsi üçün hər bir vətəndaş cəmiyyəti institutu yalnız bir təmsilçisinin namizədliyini irəli sürə bilər;

- Seçki Komissiyasının üzvləri İctimai Şuraya seçkidə seçici qismində çıxış edə bilməzlər.

Seçicilərin qeydiyyatı

Seçicinin qeydiyyatı məsələsinə baxılması üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

1. seçicinin (vətəndaş cəmiyyəti institutunun təmsilçisinin) qeydiyyata alınması üçün müraciət;

2. seçicinin şəxsiyyət vəsiqəsinin surəti;

3. vətəndaş cəmiyyəti institutunun üzvü olduğunu təsdiq edən sənədin surəti;

4. vətəndaş cəmiyyəti institutunun dövlət qeydiyyatını təsdiq edən sənədin surəti;

 

2. Sənədlərin qəbulu və baxılması

Namizədlərin və seçicilərin qeydiyyatı məsələsinə Seçki Komissiyası tərəfindən baxılır.

Qeydiyyat üçün elektron formada sənədlər [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Seçkilərlə bağlı əlavə məlumat almaq üçün Nazirliyin qaynar xətti ilə əlaqə saxlamaq olar. (Tel: 147)

Qeydiyyat üçün sənədlərin qəbulu müddəti 6 iyul 2023-ci il saat 18:00-da başa çatacaq.

 

Qeydiyyat barədə müraciət nümunəsini bu linkdən əldə edə bilərsiniz: müraciət nümunəsi


Paylaş

Aktiv sorğu yoxdur.