DMX yanında İctimai Şuranın təşəbbüsü ilə Novruz bayramı münasibətilə tədbir keçirilib.

     Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın təşəbbüsü ilə gənclərin, xüsusilə də əcnəbilərin maarifləndirilməsi istiqamətində təşkil olunan tədbirlər davam edir. İctimai Şuranın nəzdində fəaliyyət göstərən Gənclərlə iş üzrə işçi qrupu Azərbaycan Tibb Universitetində təhsil alan əcnəbi tələbələr üçün “Novruz atributları, bayram ənənələri və keçirilmə qaydaları” mövzusunda tədbir keçirib.

     Tədbiri giriş sözü ilə açan ATU-nun Xarici tələbələr üzrə dekan Natiq Bayramov bildirib ki, bu təşəbbüs universitet rəhbərliyi tərəfindən xoş qarşılanıb. Qeyd olunub ki, təhsil müəssisəsinin müəllim heyəti çox maraqlıdır ki, universitetdə təhsil alan və 48 ölkədən olan 2800-ə yaxın əcnəbi tələbə Azərbaycan xalqının milli bayramları və adət-ənənələri barədə məlumatlı olsunlar.

     Tədbirdə çıxış edən İctimai Şuranın üzvü, Gənclərlə iş üzrə işçi qrupunun rəhbəri Aydan Haşımova əcnəbi tələbələri Novruz bayramı münasibəti ilə təbrik edib, Novruzun atributları və bu atributların hansı rəmzi mənalar daşıdığı haqda ətraflı məlumat verib. Qarşılıqlı dialoq formatında keçirilən tədbirdə Azərbaycanda Novruz bayramı ilə xalq arasında yaranmış adət-ənənələrdən və bu bayramın yaranma səbəblərindən bəhs edilib, Azərbaycanın milli kişi və qadın geyimləri nümayiş olunub. Tədbirdə iştirak edən əcnəbi tələbələr də öz ölkələrində Novruzun keçirilmə adət-ənənələri barədə danışıblar.

     İnteraktiv formatda keçirilən tədbirin ikinci hissəsində tələbələr arasında Azərbaycan və Novruz Bayram ilə bağlı sualları əhatə edən intellektual oyun keçirilib. Suallara daha doğru və dolğun cavab verən qalib tələbələr hədiyyələrlə təltif olunublar.


Paylaş

Aktiv sorğu yoxdur.