Qadınların əmək bazarında iştirakı məsələləri müzakirə olunub - FOTOLAR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib.
Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli qadınların əmək bazarında iştirak imkanlarının artırılmasının dövlət məşğulluq siyasətinin prioritetlərindən biri olduğunu, bu istiqamətdə proqram və layihələrin həyata keçirildiyini, məşğulluq tədbirlərinin icrası zamanı qadınların üstünlük hüququna malik olduğunu bildirib. Təkcə cari ilin 4 ayı ərzində peşə hazırlığına cəlb olunan şəxslərin 62%-ni qadınlar təşkil edib.
Qeyd olunub ki, ölkə üzrə əmək müqaviləsi ilə çalışan şəxslərin 47%-dən çoxunu qadınlar təşkil edir. Dövlət Məşğulluq Agentliyi tərəfindən də qadınların əmək bazarında aktiv iştirakı üçün müxtəlif layihələr icra olunur.
Daha sonra görüşdə qadın və uşaq hüquqlarının qorunması və bu kimi digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.