Yaxşı qanunlarımız var, tək boşluq mexanizmlərin olmamasıdır – İctimai Şura sədri

Bütün dünyada olduğu kimi Azərbaycanda da son illər ekoloji mövzular, ətraf mühitin qorunması kmi vacib məsələlər prioritet hesab olunur. Bu elə bir mövzudur ki, burada tək dövlət, hökümət strukturları deyil, bütün cəmiyyət səfərbər olmalıdır. Vətəndaş cəmiyyətlərinin, qht-lərin ,ayrı-ayrı fərdlərin aktivliyi isə xüsusiylə mütləqdir. 
 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında yarandığı gündən fəallıq göstərən ictimai şuranın işi ilə yaxından tanış olaq. Müsahibimiz icra orqanı yanındakı ictimai şuranın sədri, Sudan İstifadə sahəsində Mütəxəssislər İctimai Birliyinin sədr müavini  Amin Məmmədovdur. 
 

İxtisasca hidroloq olan Amin Məmmədov  2019-cu ildən nazirlik yanında ictimai şurada təmsil olunur. İlkin heyətdə sədr müavini, şuranın sonrakı iki illik fəaliyyətdə artıq sədr kimi çıxış edib, bu ilin yanvarından növbəti seçki nəticəsinə görə isə  təkrar olaraq sədrlik vəzifəsini icra edir. 
 

-Artıq bu sektorda xeyli təcrübəniz var, növbəti müddət üçün fəaliyyət planınız necə qurulub?
-Bəli, ictimai şurada beş illik təcrübəm var. Bu əslində kənarda qeyri-hökümət təşkilatımızda gördüyümüz işlərin bir qədər başqa formatıdır. Bildiyimiz mövzular, hər zaman izlədiyimiz, gündəmdə olan məsələlərdir.  Sözsüz, burada vəzifələrimiz daha genişdir. Dövlət qurumunun işini, yeni gördüyü tədbirləri daha yaxından izləmək, yeri gəldikdə təklif və iradlarımızı söyləmək imkanlarımız var. Müvafiq qanunvericiliyə nəzərən ictimai dinləmələrin təşkil olunması, bu sahədə ekspertlərlə, şura üzvləri ilə müzakirələrə cəlb olunmaq fürsətimiz yenə də açıqdır. 

 

Əslində, əvvəlki iki ildə başladığımız təşəbbüslərin ardını gətirmək, yarımçıq qalan işləri davam etdirmək üçün qarşıdakı müddətdə vaxtımız olacaq. Bilirsiz ki, 2022-ci ildə Şuşa- Xankəndi yolunda məlum eko aksiyalar baş tutdu, bu aksiyalar ermənilərin Azərbaycan ətraf mühitinə vurduğu saysız zərəri  dunya ictimaiyyətinə çatdırmaq üçün əhəmiyyətli idi. Ölkədən kənarda da bu etirazlar böyük rezonansa səbəb oldu. Dünya azərbaycanlılarının, yerli ictimaiyyətin, vətəndaş cəmiyyəti və qht sektoru  təmsilçilərinin ciddi fəallığı ilə keçən həmin tədbirlərlə bağlı mənim mövqeyim də xarici kanallardan birində səsləndirildi. Ekspert kimi çıxış etdiyim  Əlcəzirə kanalında mən “etirazın lideri” kimi təqdim olunmuşdum. Siyasi və ictimai əhəmiyyətli bu aksiyalarla yanaşı Azərbaycan, eləcə də Cənubi Qafqazın ətraf mühitinə zərərini davam etdirən, Ermənistanın qanunsuz dağ-mədən sənayesi əleyhinə etirazlar da bizim fəaliyyətimiz müddətində baş verdi deyə,  ictimai şura kimi planlarımızı bir qədər sonraya saxladı. Əlbəttə ki, birbaşa ekoloqların aidiyyatı  olduğu məsələlərdə bizim də mövqeyimiz vacib idi. Baş verənlər ictimaiyyətdə düşüncələrə ciddi təsirini göstərdi, deyərdim, çoxu xatırladı ki,  Azərbaycanda ekoloji problemlər mövcuddur və bunun həlli üçün ciddi addımlar atılmalıdır.

 

-Bir çox şura kimi sizdə də üzvlərin sayında azalma oldu. Bu yaxşı haldırmı?
-Bəli, əvvəlki təmsilçilikdə 15 nəfər üzvümüz vardı, hazırda 13 nəfər komanda ilə faəliyyətdəyik. Bildiyim qədər, başqa ictimai şuralarda da üzvlərin sayı azaldıldı, ola bilər, bu doğru addımdır, say azlığı  həmin qurumlarda  işə daha effektiv  təsirini göstərəcək. Məncə bizim şurada 15 nəfərin olması daha yaxşı idi,  çünki yanında olduğumuz dövlət qurumu aktual və gündəmdə olan strukturdur. Onun tək paytaxt deyil, regional idarə və icra orqanları var. Bu halda biz 15 nəfər heyətlə çox halda tədbirlərə, aparılan işlərə yetə bilmirdik, indi sayımızın azaldılması bir az da yükümüzü artıracaq.

 

Əsas məqam odur ki, əvvəlki təmsilçilikdə 15 nəfərdən yalnız 5-6 üzvlə işi aparırdıq. Bu onunla bağlı idi ki, qalan üzvlərin ekoloji məsələlərə aidiyyatı yox idi, həm ixtisasca onların məşğul olduğu sahə deyildi, həm də onlar ictimai şuranın mahiyyətini başa düşmürdülər. Ümumiyyətlə götürdükdə, ictimai sektorda şəxlərin yalnız 30%-i gördüyü xidmətin fərqindədir. İctimai şuraya gələnlər arasında öz şəxsi maraqlarını güdənlər az deyil, könüllü fəaliyyət qarşılığında gözləntiləri  var. Bu təəssüf doğurur, çünki şuraya seçkilərə üz tutanda görəcəyin missiyanın könüllü olduğunu bilirsən, bu qanunda əksini tapıb. Əgər hər hansı tövhən olmayacaqsa, yaxşı olar ki, heç bu işə can atamayasan.
 

-Nazirliyin sizin fəaliyyətinizə verdiyi dəstək qənaətbəxşdirmi?
- Bir çox həmkarım kimi mən də bu vəzifəmdə QHT nümayəndəsi kimi yox, daha çox vətəndaş mövqeyimi ortaya qoymaq istəyirəm. Düşünürəm ki, ölkədə ictimai şuralar arasında işinin öhtəsindən gələnlər arasındayıq. Buna səbəb yanında olduğumuz icra qurumunun ilk gündən bizim fəaliyyətə isti yanaşmasıdır. Bizim onu yoxlamaq yox, dəstək və yükünü azaltmaq kimi vəzifəmizin olduğunu bilməsidir. Məncə, bu vacib məqamdır. Çünki effektiv fəaliyyətin ərsəyə gəlməsi üçün  şura ilə dövlət qurumunun sıx əməkdaşlığı vacibdir. Bu olmasa, xərclənən əmək boşa gedəcək. Bizim nazirliyin ayrı-ayrı idarə və şöbələri ilə mütamadi görüşlərimiz olur. Nazirimiz Muxtar müəllim hər görüşümüzdə şura üzvlərinin fikirlərini dinləyir. Bizdən mövcud vəziyyəti, ictimai narazılıq varsa, onun səbəbini, problemləri soruşur.  “Biz kabinetlərdə oluruq, siz daha çox ictimaiyyət arasında olursunuz, siz daha yaxşı məsələləri bilirsiz, açıq danışın” deyir.  Biz də görüşlərdə hər məsələ barədə fikirlərimizi, hətta irad və təkliflərimızi açıq səsləndiririk. 

 

-Artıq yeni tərkibdə fəaliyyətinizin dörd ayı arxada qaldı. Qarşıda görəcəyiniz işlər baradə məlumat verin, mümkünsə.
- İndi yarımçıq qalan işləri yenidən gündəmə gətirmişik. Yaxın zaman ərzində Milli Məclisin Təbii Ehtiyatlar, energetika və ekologiya  komitəsi üzvləri  ilə görüşümüz nəzərdə tutulur. Buna ona görə can atırıq ki,  indidən komitədə mütərəqqi hesab etdiyim millət vəkilləri ilə əməkdaşlığı yaradaq ki, gələn ildən parlamentə gələn yeni deputatlarla işi davam etdirə bilək. Əməkdaşlığın bünövrəsinin qoyulması vacibdir. Komitə ilə müzakirə edəcəyimiz məsələ əsasən ekoloji sahədə normativ sənədlər və qanunvericlikdəki boşluqlarla bağlıdır. Bizim xeyli təkliflərimiz var ki, onları komitədə dəyərləndirəcək  şəxslərin olduğuna inanıram. Misal üçün, “Azərbaycan Respublikasında bərk  məişət tullantılarının idarə edilməsinə dair 2018-2022- illər üçün Milli Strategiya” nın icra müddəti bitib. Yeni strategiya hazırlanmalıdır, amma bu dəfə burada nəzərə alınacaq çox məqam var. Əsas məqam odur ki, bu gün Azərbaycan artıq öz ərazi bütövlüyünü bərpa edib, həmin strategiya işğaldan azad edilmiş torpaqlarımıza da  şamil edilir. Bu əhəmiyyətli və son dərəcə vacib məsələdir. Həmin ərazilər 30 ilə yaxın işğalda erməni vəhşiliyi və ekoloji terroruna məruz qalıb, indi biz öz torpaqlarımıza daha diqqətlə yanaşmalıyıq ki, ən azı bundan sonra zərərlərin qarşısını ala bilək. 2026-ci ilə qədər 140 min insanın öz dədə-baba torpaqlarına geri qayıtması, köçü nəzərdə tutulur. Düşünün ki, hər adambaşına təxminən yarım kilo məişət tullantısı düşürsə, bu ümumi hesaba alındıqda böyük rəqəm ortaya çıxır.  Bu səbəbdən bu strategiyanın daha sanballı olması üçün ekspert rəylərinin dinlənilməsi vacibdir. 
Əslində, bizim yaxşı qanunlarımız var, tək boşluq  mexanizmlərin olmamasıdır. Görəcəyimiz işlər arasında içməli suyun idarə olunması məsələsi də gündəmdədir, insanların ekoloji savadlanması, onlar arasında ictimai rəyi formalaşdırmaq da icma olaraq görəcəyimiz işlər arasınddaır. Bizim aktiv sosial şəbəkə  hesabımız var. Orada da vətəndaşların  irad və şikayətlərini nəzərə alırıq. Bizi sevindirən odur ki, vətəndaşların ətraf muhitə qarsı məsuliyyəti artıb. Yasıllığıa qarşı həssasıq hiss olunur, daha çox agac qırılması ilə bağlı şikayətlər olur. 

 

-“İctimai İştirakçılıq haqqında” qanunda nəyi dəyişərdiniz? Bir çox təkliflər hələ də gündəmdədir
- İctimai şuranın müddəti ilə bağlı deyilənlərə qatılıram. Düşünürəm ki, iki il şura üçün az zamandır. Bu müddətin artırılmasına ehtiyac var. Şurada sədrliyin dəyişməsi mütləqdir, eyni şəxsin davamlı sədr seçilməsi doğru deyil. Məncə, gənc kadrlara yer verilməli, daha kreativ ideyalı insanlar önə çəkilməlidir. 
Şuraya seçki prosesinin təşkilində yeniliklər ola bilər. Elə qurum var ki, namizədlərin qəbulu üçün  sərt tələblər qoyur.

Əlaqəsiz  insanların ictimai şurada təmsili yolverilməzdir. Bir insanın bir neçə ictimai şurada üzv qismində təmsil olunması da maraqlı məqamdır. Bunun qadağan olunması, limit qoyulması nə qədər doğru olar bilmirəm, düşünürəm ki, bu hər şeydən qabaq üzvün özünə hörməti ilə bağlıdır. Fiziki cəhətdən hər yerdə iştirakın mümkün olmayacaqsa, niyə üzvlüyü qəbul etməlisən ki? 
 

İctimai şuralara maddi resursların, büdcənin ayrılması da bir qədər məntiqlidir. Bəzən şuranın təşəbbüslərinin reallaşdırılması üçün maddi dəstəyə ehtiyacı olur, yaxud texniki vasitələrdən istifadəyə gərək duyulur. Bunun şura üzvlərinin öz hesabına  baş verməsi hər zaman mümkün olmur. Baxmayaraq ki, bizim yanında olduğumuz qurum regionlara səfərimizi öz hesabına təşkil edir, amma gələcəkdə  ola bilsin ki, bu qanunda ezamiyyə xərcləri kimi qeyd olunsun, şura büdcəsi kimi formalaşsın, bütün hallarda bu şura üzvü üçün motivəedici addım ola bilər. 
 

Raminə Eyvazqızı
 


Paylaş

Aktiv sorğu yoxdur.