“İctimai şura kimi buna həm nəzəri, həm də praktiki təcrübəmiz yetir” - Elşad Məmmədov

“İctimai şura kimi buna həm nəzəri, həm də praktiki təcrübəmiz yetir” - Elşad Məmmədov

Ötən ilin martından etibarən Əmək və Əhalinin Sosial müdafəsi Nazirliyi (ƏƏSMN) yanında ictimai şura yeni heyətlə işini davam etdirir. İctimai şuranın sədri, “Ümman” Əlilliyi olan uşaqlara qayğı İB-nin rəhbəri Elşad Məmmədov fəaliyyət istiqamətləri ilə bağlı məlumat verib.


-Elşad müəllim, ikinci dəfə ictimai şuraya seçkilər sonrası  sədr seçilmisiz. Fəaliyyətinizdə yenilikər nədən ibarətdir?
- Bəli, biz növbəti seçkiləri uğurla başa vurduq. Ötən ilin mart ayından yenidən sədr kimi yeni tərkibli şura üzvlərimiz ilə birlikdə iş başındayıq. 
Yenə də şurada sosial müdafiə sahəsində marağı və təcrübəsi olan şəxslər  toplaşıb. Əsas fəaliyyət istiqamətlərimiz ölkə vətəndaşlarının sosial müdafiə sistemi ilə bağlı qaldırdığı müraciətlərə adekvat  cavab vermək, müvafiq dövlət qurumu ilə bu istiqamətdə kommunikasiyanı təşkil etmək, nazirliklə ölkə ictimaiyyəti arasında vasitəçi kimi innovasiyalar və islahatlarla bağlı məsələri diqqətə çatdırmaqdır. 

 

Əslində, faəliyyətimizin əvvəlki iki ilində yanında olduğumuz ƏƏSMN ilə əməkdaşlığımızı qurmuşduq. Nazirliyə bağlı bütün qurumun, idarə və mərkəzi aparatın bizim işimizə marağını görmüşdük. İşimizə yaradılan şərait bu gün də qənaətbəxşdir, mövcud uğur və problemlərlə yaxından tanışıq. Biz də öz adımıza şəffaflığın təminatına çalışırıq və zənnimcə bu sahədə ictimai şura üzərinə də böyük yük düşür.
 

-Şura üzvlərinin birliyi sizi qane edirmi?
-Onu qeyd edim ki, əvvəlki ictimai şura tərkibində 15 nəfər üzv vardı, indi bu say doqquz nəfərdir.
Deyərdim ki, bu şuranın kompaktlığına, çevikliyinə müsbət təsir göstərdi. 
Şurada yüksək peşəkarlığı olan, müxtəlif istiqamətləri əhatə edən vətəndaş cəmiyyəti üzvlərinin, hərb sahəsində belə təcrübəyə malik, əmək hüquqları, əməyin mühafizəsinə yönəlik  şəxslərin olması işimizi asanlaşdırır. Bu hər kəsin təcrübəsindən yararlanmaq fürsətini yaradır. Bu da işimizin effektivliyinə bəhrəsini verir. Biz istənilən vəziyyəti qiymətləndirmək iqtidarındayıq, buna həm elmi, həm nəzəri, həm də praktiki təcrübəmiz yetir.”

 

-Vətəndaşların  şuraya inamı, müraciətləri necədir?
- Cəmiyyətdə ictimai şura haqqında məlumat, onun işlək, etibarlı olması yönündə müsbət dəyişiklik sezilir, bu bizi sevindirir. Ötən müddət ərzində 100-lərlə müraciət almışıq, yenə də müraciətlərlə bağlı operativ reaksiya verilib, hər məsələnin operativ həlli məsələsində mütamadi iş görülür. Müracətlərə gəlincə, əhalinin ayrı-ayrı kateqoriyalarının aidiyyatlı problemləri, həmçinin hələ də prioritet məsələ olan Vətən müharibəsi iştirakçılarının, qazilərimizin vəziyyəti ilə bağlı məsələlər olub.

 

Nazirliklə koordinasiyaya gəlincə, bu ən optimal formatdadır. Ölkə üzrə örnək model kimi nəzərə alınmalıdır. Daim nazirliyin ictimaiyyətlə əlaqələr departamenti ilə əlaqədəyik, hər zaman şəffaflıq təmin olunur. Şuraya daxil olan müraciətlərlə yanaşı, bizim də qərarlar, təşəbbüslər, iradlar nəzərə alınır. 
 

-“İctimai iştirakçılıq haqqında qanun”da dəyişikliklərə ehtiyac varmı? Bu mövzu hələ də müzakirədədir. Sizin təklif etdiyiniz məqamlar varmı?
- Şuranın daha effektiv işləməsinə təsir edən amillərdən biri zaman qıtlığıdır.  Şurada təmsil olunan ictimai sektor üzvlərinin öz işlərinin də olması, bəzi hallarda hamısının tədbirə, toplantıya qatılmasını çətinləşdirir. Amma zaman problemi olsa da, şura üzvləri arasında birgə işimizə hansısa töhvə vermək istəyi yüksəkdir, indiyədək biganəlik müşahidə etməmişəm.

Buna baxmayaraq, müvafiq qanunvericilikdə  ictimai şura üzvünün zaman ayırması ilə bağlı boşluq olduğunu düşünürəm.  Şuranın daha yüksək səviyyədə fəaliyyətli olması üçün hüquqi normativ bazaya söykənən vaxt, zaman məsələsi nəzərə alınmalıdır. 
 

İctimai şuradakı insanların əsas iş yerləri var, şurada könüllü təmsilçilik üçün işçiyə şərait yaradılmalıdır. Əmək münasibətləri nəzərə alınaraq, bu da qanunda daha dəqiq əksini tapmalıdır. Çünki, işəgötürənlərin bəzən şəxsi maraqları ictimai maraqlara üstün gəlir, bu səbəbdən şura üzvləri qanuni şəkildə öz ictimai fəaliyyətini göstərməlidir ki,  iş yerlərində problem olmasın. 

İctimaishura.az


Paylaş

Aktiv sorğu yoxdur.