Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın yeni üzvləri kimlərdir? – ARAŞDIRMA

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya növbəti dövrdə fəaliyyət üçün yeni seçkilər keçirilib, namizədliyini irəli sürmüş 38 namizəddən 13-ü səs çoxluğu toplayaraq İctimai Şuraya üzv seçilib.
 

"Yaşıl dünya naminə həmrəylik" ilində, həmçinin dünyada iqlim dəyişmələrinin təsirlərinin azaldılmasına yönələn mötəbər COP 29 tədbirinə ölkəmizin ev sahibliyi edəcəyi bu ildə ətraf mühitin mühafizəsi məsələləri diqqət mərkəzində olduğundan, ETSN yanında İctimai Şuranın göstərəcəyi fəaliyyətlər, bu gün prioritet olan ekoloji siyasət xəttinə veriləcək töhfələr ictimaiyyət üçün də olduqca maraqlıdır.
 

Bəs yeni tərkibdə vətəndaş cəmiyyətini təmsil edəcək nümayəndələr kimlərdir? Bununla bağlı araşdırma apardıq.
Əvvəla onu deyək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şura institutu yaranandan bu yana ilk dəfədir ki, demək olar ki, tam ekoloji profil üzrə QHT-lərdən ibarət tərkib formalaşıb. Bu, gözlənilməz yenilik hesab oluna bilər. Ümumiyyətlə, mərkəzi icra hakimiyyətləri içərisində belə nəticə ilk dəfədir müşahidə olunur. Bu isə onu deməyə əsas verir ki, COP29 ilində Nazirlik yanında Şurada ictimai nəzarəti həyata keçirəcək ekoloji yönümlü QHT korpusu peşəkarlardan ibarət olacaq. Beləliklə, onlardan ictimai gözləntilər də çoxdur.

 

Yeni tərkibi yaxından tanıyaq:
 

Elşad Əsgərov - Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) Azərbaycan nümayəndəliyinin rəhbəri, Azərbaycanda bioloji müxtəlifliyin bərpası istiqamətində əvəzsiz xidmətlərə imza atmış şəxsdir. E.Əsgərov Azərbaycanın nadir və nəsli tükənmək təhlükəsində olan növlərinin qorunmasına, sayının bərpasına yönəlmiş layihələrə rəhbərlik edib. Onun təkcə nəsli az qala tükənmiş hesab olunan Qafqaz bəbirlərinin Zəngəzur və Talış dağlarında qaldığını aşkarlaması və ilk dəfə olaraq fotolarını əldə edərək onların qorunması istiqamətində fəaliyyətini demək kifayətdir. Elşad Əsgərov yalnız Azərbaycanda deyil, xaricdə də yaxşı tanınır. İngilis və rus dillərini sərbəst bilir;


 

 

Rövşən Abbasov - ətraf mühitin mühafizəsi, iqlim dəyişmələri sahəsində ölkənin qabaqcıl simalarındandır. O, ingilis və azərbaycan dillərində apardığı leksiyalarla həm pedoqoji fəaliyyəti ilə, həm də yerli və beynəlxalq əhəmiyyətli ekoloji layihələrin müəllifi, koordinatoru kimi nüfuzlu mütəxəssis olaraq tanınır. R.Abbasov coğrafiya üzrə fəlsəfə elmləri doktorudur, ətraf mühit proqramları ilə bağlı çoxsaylı elmi məqalələrin müəllifidir.  “Qlobal istiləşmənin yaratdığı problemlər, mitiqasiya və adaptasiya” kimi layihələrə rəhbərlik edib;
 

 

 

Firuzə Sultanzadə - biologiya elmləri üzrə fəlsəfə doktorudur. 40 elmi əsərin, 15 dərslik və dərs vəsaitinin müəllifidir. BDU-nun Bioekologiya kafedrasının dosentidir. Vətəndaş cəmiyyəti ilə təmaslarını “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin rəhbəri kimi davam etdirir. 25 ildən artıqdır ki, ekoloji təhsil və maarifləndirmə üzrə fəaliyyət göstərir. Azərbaycanın mədəni və təbii irsinin qorunması, muzey pedaqogikası, uşaq və gənclər arasında ekoloji turizmin təbliği, xüsusi mühafizə olunan təbiət ərazilərinin idarəçiliyi, biomüxtəlifliyin və aqrobiomüxtəlifliyin mühafizəsi sahəsində 100-dən çox milli və beynəlxalq ekoloji layihənin müəllifi və koordinatoru olub. UNESCO-nun Azərbaycanın təbii və mədəni irsinin qorunması və muzey pedaqogikasının inkişafı sahəsində eksperti, Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində yaradılan Etno-Ekoloji Mərkəzin rəhbəridir. Ətraf mühitin mühafizəsinə verdiyi böyük töhfəyə görə “Dədə Qorqud” Milli Fondu tərəfindən “Qızıl Ürək” ordeninə, “EkoSfera”nın rəhbəri kimi ətraf mühit problemlərinə dair ictimaiyyəti məlumatlandırılmasına görə “İlin ekoloqu-2021” mükafatına; Azərbaycan dövlətinin tərəqqisi və geniş miqyaslı layihələrdə fəal iştirakına və səmərəli əməkdaşlığına görə Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə “Xatirə diplomu-2019”a,  Azərbaycanın ətraf mühitinin mühafizəsində xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülüb;


Elman Yusifov - "Ekostil-Azərbaycan” Təbiəti Mühafizə İB sədridir. Yeni tərkibdə təmsil olunması İctimai Şuranın daha aktiv, müzakirələrə açıq formatından xəbər verir. E.Yusifov tanınmış alim, fiziki-kimyəvi biologiya sahəsində mütəxəssis, yorulmaz tədqiqatçıdır. "Qırmızı kitab"ın 3-cü nəşrinin flora bölməsində onun yeni  tədqiqatlarının xüsusi çəkisi qeyd olunmalıdır;
 

 

 

Amin Məmmədov - hidroloq, ətraf mühit sahəsində mütəxəssis, vətəndaş cəmiyyətinin fəal üzvlərindən biridir. Sudan istifadə sahəsində ingilis dilində bir sıra tədris mühazirələrinin müəllifi, dünya ölkələrində keçirilən çoxsaylı mötəbər tədbirlərin təmsilçisi, ətraf mühit, şəhərsalma sahəsində beynəlxalq qurumların həyata keçirdiyi yerli və regional layihələrin iştirakçısıdır. 2019-cu ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini, 2022-ci ildə şuranın sədri seçilib. Azərbaycanı müxtəlif ölkələrdə keçirilən mötəbər tədbirlərdə, eləcə də COP28-də  layiqincə təmsil edib;

 

Yusif Poladov - ictimaiyyət arasında yetərincə nüfuz qazanmış “Qırmızı Ürəklər” fondunu təmsil edir. Gənclər və sosial siyasəti əhatə edən bir çox layihənin rəhbəri və koordinatoru olub. Hazırda ekoloji mühitə töhfə vermək məqsədilə həyata keçirilən “Vətən bağı” layihəsinin, işlənmiş batareyaların çeşidlənməsi məqsədilə həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinin,ətraf mühitin plastik və məişət tullantıları ilə çirkləndirilməsinin qarşısının alınmasını təbliğ edən “Təmiz mühit, təmiz gələcək” aksiyasının koordinatorudur;
 

 

Zərxanım Ağayeva - İctimai Şuranın yeni tərkibində İDEA İB təmsilçisinin olması da diqqət çəkir. Zərxanım Ağayeva bioloqdur, elmi dərəcəsi var. IDEA İctimai Birliyinin layihələr üzrə kordinatoru, “Bizim Həyət”, “Sahillər təmiz qalsın”, “Gənc İqlim Çempionları” və daha bir sıra ekoloji layihələin icraçısıdır;
 

 

 

 

Tükəzban Ağababayeva - “Eco Hub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədridir. Qablaşdırma tullantılarının çeşidlənməsi və əhalinin məlumatlılığının artırılması, təkrar istehsalın təşviqi, təbiətimizin tullantılardan təmizlənməsi məqsədi ilə həyata keçirilən “Təmiz Sumqayıt”, “Tullantısız Dünya”, “HORECA Pet Collection”, “Xəzəri Qoruyaq” layihələrinin koordinatoru kimi fəaliyyətlərdə yer alıb;

 

 

Yusif Abiyev- "Azərbaycan Botaniklər Cəmiyyəti” İB üzvüdür. "Gardenclub" ekoloji-sosial maarifləndirmə klubunun yaradılması, Dənizkənarı Milli Parkın 3D planı və bitki məlumat bazasının hazırlanması layihələrində iştirak edib, “Azərbaycan Təbiəti”, "Qırmızı kitab"ın 3-cü nəşrinin hazırlanmasında və digər ekoloji, yaşıl enerji layihələrində tədqiqatçı, ekspert xidməti göstərib;

 

 

 

Müqabil Bayramov - "Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədridir, 40 ildir peşəkar kartoqrafiya işi ilə məşğuldur. Geodeziya və kartoqrafiya sahəsində tanınmış mütəxəssisdir, irimiqyaslı topoqrafik xəritələrin, təhsil-tədris və elmi-tədqiqat xarakterli 165 adda elmi tədris xəritələrinin, bütün siniflər üzrə tədris proqramlarına uyğun atlas və kontur xəritələrinin, torpaq, ekoloji, kompleks atlasların elmi -tədqiqat məlumatları əsasında tərtib edərək nəşr edilməsinə, “Azərbaycan Respublikasının Milli Atlasının layihələndirilməsi, tərtibatı və nəşri işlərinə rəhbərlik edib. Hazırda regionda ilk dəfə olaraq Ermənistanın dağ-mədənsənayesi xəritəsini hazırlayır. Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi sahəsində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli “Əmək ordeni” ilə təltif olunub;

Emin Dostiyari - "Azərbaycan qida və içki sənayeçiləri assosiasiyası” İctimai Birliyinin sədridir. Plastik tullantılar, onların idarə olunması istiqamətində fəal təşəbbüsləri ilə tanınır;
 

 

 

 

 

Kənan Kərimli – BDU-nun Coğrafiya və Azərbaycan Memarlıq və İnşaat Universitetinin Ekologiya mühəndisliyi fakültələrini bitirib. Əvvəlki dövrdə ETSN yanında İctimai Şuranın üzvü olub. "Gənclərin tərəqqisinə dəstək” İB üzvü kimi ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə sahəsində aparıcı mütəxəssislərdən biridir;

 


 
Zurab İsrafilov - "Azərbaycan Təbiəti Mühafizəsi Cəmiyyəti” İB sədridir. Z.İsrafilovun rəhbərlik etdiyi birliyin məqsədi  Azərbaycanda sağlam və əlverişlı ekoloji şərait uğrunda ictimai hərəkatın təşkili, təbiətin mühafizə problemlərinin səmərəli həllinə təkan verməkdir.

 

 

 


 

Beləliklə, yeni heyət tam profil - sahə üzrə peşəkarlardan ibarətdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın yeni üzvlərinin belə yüksək səviyyəsi ümidləri artırır ki, nəhayət ki, İctimai Şuralar ölkədə ictimai iştirakçılıq sahəsinə layiqli töhfələr verə bilsin. Təəssüf ki, əksər qurumlarda İctimai Şuraların tərkibi və fəaliyyəti çox problemlidir. Cəmiyyət həyatında heç bir nüfuzu olmayan şəxslər həmin şuralarda təmsil olunub.
 

QHT.AZ


Paylaş

Aktiv sorğu yoxdur.